Finss.az xəbər verir ki, qızılın bir unsiya üçün qiyməti 3722,4 dollara yüksələrək tarixi maksimum səviyyəyə çatıb. Bu göstərici Comex birjasında dekabr fyuçersləri üzrə qeydə alınıb.
Qızılın qiymət artımının əsas səbəbləri arasında ABŞ dollarının zəifləməsi, dövlət istiqrazlarının gəlirliliyinin azalması və Federal Ehtiyat Sisteminin (FED) faiz endirimi gözləntiləri göstərilir. CME FedWatch məlumatına görə, bazar iştirakçıları sentyabrda FED-in faiz dərəcəsini 25 baza bəndi endirmə ehtimalını 96,1% olaraq qiymətləndirir.
2024-cü ildə artıq 27% artım göstərən qızıl, ilin əvvəlindən bəri 35%-lik dəyər qazanıb. Bu artımda mərkəzi bankların qızıl ehtiyatlarını artırması, monetar siyasətin yumşalması və geosiyasi risklərin yüksəlməsi kimi amillər mühüm rol oynayıb.